Azərbaycanda hər bir sahibkarlıq subyektinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaiti hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 mln. manat təşkil edəcək.
Bu hədd prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”nda müəyyən edilib.
Sahibkarlıq subyektlərinə fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:
5 min manatdan 50 min manatadək – kiçikhəcmli kreditlər;
50,001 min manatdan 1 mln. manatadək – ortahəcmli kreditlər;
1 mln. manatdan 10 mln. manatadək – böyükhəcmli kreditlər.
Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
kiçikhəcmli kreditlər üçün - 3 ilədək; ortahəcmli kreditlər üçün – 5 ilədək; böyükhəcmli kreditlər üçün - 10 ilədək.
Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.
Qeyd edək ki, prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilir və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilir. Fondun nizamnamə kapitalı 1 mlrd. 94mln. 254,581 min manat təşkil edəcək.*
A.Əzizov