“BP-Azerbaijan” şirkəti 2018-ci ilin I yarısında “Şahdəniz” yatağından 5 mlrd. kubmetr qaz hasil edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin birinci yarısında “Şahdəniz” yatağından qaz hasilatı 5,1 mlrd. kubmetr təşkil edib. Beləliklə, 2018-ci ilin hesabat dövrü ərzində bu yataqdan qaz hasilatı 2% azalıb.
“O cümlədən, 2018-ci ilin birinci yarısında “Şahdəniz” yatağından 1,1 mln. ton kondensat (azalma 8,4% - İF-Az) hasil edilib. Hazırda yataqda mövcud hasilat sisteminin maksimal gücü sutkalıq 32 mln. kubmetr qaz (illik 11 mlrd. kubmetrdən çox) təşkil edir”, - şirkətdən bildirilir.
Cari ilin birinci yarısında “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $1 mlrd. 48 mln. (azalma 44,5%) təşkil edib, bunun $250 mln.-u istismar xərclərinin, $798 mln.-u əsaslı xərclərin payına düşüb. Əsaslı xərclərin böyük həcmi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsi çərçivəsində işlərə yönəldilib.
2018-ci ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri magistralı (CQBK və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 21 mln. kubmetr qaz nəql olunub. Bu dövrdə boru kəməri magistralına xidmət göstərilməsi üzrə əsaslı xərclər $241 mln., istismar xərcləri $18 mln. təşkil edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 10,2 mlrd. kubmate qaz və 2,4 mln. ton kondensat hasil edib. **
N.Abbasova