Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə məşğul olan obyektlərdə aksiz - nəzarət postları quraşdıracaq. Bu barədə nazirlikdən məlumat verilir.
“Vergidən yayınma və aksiz markalarından qanunsuz istifadə edilməsi hallarının qarşısının alınması üçün Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin istehsal obyektlərində aksiz - nəzarət postlarının qurulması ilə bağlı qərar qəbul edib”, - məlumatda qeyd olunur.
Vurğulanır ki, aksiz markalarından qanunsuz istifadə edilməsi və saxtakarlığa yol verilməsi istehsal olunmuş tünd alkoqollu içkilərin bəyan edilmiş həcmdən bir neçə qat artıq miqdarda istehlak bazarına daxil olmasına səbəb olur. “Bu on milyonlarla manat məbləğində vergidən yayınmalara gətirib çıxarır”, - məlumatda qeyd edilir.
Həmçinin deyilir ki, əldə edilən məlumatlar belə bir qənaətə gəlməyə əsas verir ki, alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan müəssisələrdə ciddi qanun pozuntularına, o cümlədən cinayət tərkibli əməllərə yol verilir.
“Bu səbəbdən, Vergilər Nazirliyində alkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ağsu rayonu ərazisində fəaliyyət göstərən "Qradus 40" MMC-nin istehsalat sahəsində və Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən “Fidan” istehsalat müəssisəsində, həmçinin paytaxtda və regionlarda yerləşən iri topdansatış obyektlərində və anbarlarda operativ vergi nəzarəti tədbirləri keçirilib”, - məlumatda vurğulanır.
Yoxlamalar zamanı "Qradus 40" MMC-nin istehsal obyektində 136,624 min ədəd, "Fidan" istehsalat müəssisəsində 247,826 min ədəd, topdansatış obyektlərində və anbarlarda isə 342,721 min ədəd sənədsiz müxtəlif alkoqollu içkilər aşkar edilib, bəzi məhsulların üzərindəki aksiz markalarının saxta olduğu ekspertiza yolu ilə təsdiqlənib.
“Bununla yanaşı, "Fidan" istehsalat müəssisəsində 53 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərə cəlb olunduğu aşkar edilib.Nəzarət tədbirləri zamanı vergi ödəyicilərinin vergidən yayınmaq məqsədilə ikili mühasibatlıq apardıqları müəyyən edilib və "qara mühasibatlıq" sənədləri götürülüb”, - məlumatda deyilir.
Vergilər Nazirliyi spirtli içki istehsalçılarına aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını “dərhal və könüllü” şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır.
“Bu halda könüllü bəyanetmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq”, - məlumatda qeyd olunur. **
N.Abbasova