2018-ci il aprelin 30-na olan vəziyyətə görə, I yarımillikdə Azərbaycanda bankların və bank olmayan kredit təşkilatların (BOKT) kredit portfeli 3% - 12 mlrd. 105,6 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
İyulun əvvəlinə vaxtı ötmüş kreditlərin həcmi 1 mlrd. 745,7 mln. manat (yanvar-iyun ayları ərzində artım 7,3%) və ya bütün kreditlərin 14,42%-ni təşkil edir.
İyunun 30-na dövlət payına malik olan banklar tərəfindən 1 mlrd. 819,4 mln. manat (azalma 5,1%) və ya bütün kreditlərin 15%-i, özəl banklar tərəfindən 9 mlrd. 893 mln. manat (artım 5%) və ya bütün kreditlərin 81,7%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
İyulun əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 7 mlrd. 425,4 mln. manat (artım 8,2%) milli valyuta, 4 mlrd. 680,2 mln. manat (azalma 2,6%) xarici valyuta ilə verilib. İyun ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 38,7% (2017-ci ilin sonuna 40,8%) təşkil edir.
2018-ci il iyunun 30-na bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 39,3 mln. manat (bütün kreditlərin 16,8%-i) ticarət və xidmət sahələrinin, 296,6 mln. manat (2,4%) energetika, kimya və təbii sərvətlər sektorunun, 465,1 mln. manat (3,8%) kənd təsərrüfatı və emal sahələrinin, 515 mln. manat (4,3%) tikinti və daşınmaz əmlak sahələrinin, 682,9 mln. manat (5,6%) sənaye və istehsal sektorunun, 1 mlrd. 157,4 mln. manat (9,6%) nəqliyyat və rabitə sahələrinin, 4 mlrd. 824,2 mln. manat (40,2%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-iyun aylarında bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 4,7% artıb. Cari ilin may ayı ilə müqayisədə iyun ayında bankların istehlak krediti portfeli 0,5% artıb.*
A.Əzizov