SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ilin yanvar-iyul aylarında Bakı-Novorossiysk neft kəməri ilə 718,4 min ton neft ixrac edib.
Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat verib.
““Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-iyul aylarında Azərbaycandan Novorossiysk limanına 718,4 min ton, o cümlədən iyulda 79,8 min ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-iyul aylarında Bakı-Novorossiysk kəməri ilə 733,7 min ton Azərbaycan nefti nəql olunub. Beləliklə, 2018-ci ilin yanvar-iyul aylarında “şimal” kəməri ilə Azərbaycan neftinin ixracı 2,1% azalıb.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə istinadən verilən məlumata görə, SOCAR və “Transneft” 2018-ci ildə Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin ixracına dair müqavilə imzalayıb. Cari ildə bu marşrutla 1,3-1,5 mln. ton neftin ixrac olunması planlaşdırılır.*
N.Abbasova