Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”ni təsdiq edib.
Qərarda deyilir ki, minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən edilir.
Xüsusilə, minik avtomobilinin mühərrikinin 2 min kubsantimetrədək həcmiüçün dövlət rüsumunun məbləği mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat; 3 min kubsantimetrədək 100 manat + mühərrikin həcminin 2,001min - 3 min kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat təşkil edəcək.
Minik avtomobilinin mühərrikinin 4 min kubsantimetrədək 200 manat + mühərrikin həcminin 3,001 min - 4 min kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat; 5 min kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4,001 min - 5 min kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat təşkil edəcək.
Minik avtomobilinin mühərrikinin həcmi 5 min kubsantimetrdən çox olduqda 1,5 min manat təşkil edəcək.
Bundan əlavə, minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir: istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1; istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8; istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.
Qeyd olunan dövlət rüsumları avqustun 1-dən qüvvəyə minib və oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi üçün nəzərdə tutulur.
Bu cür müqavilələrin dövlət qeydiyyatı ilə Daxili İşlər Nazirliyi məşğul olur. **
A.Əzizov