Nazirlər Kabineti fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən cari ildə foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir və mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur.
Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği aparatın bazar qiymətindən asılı olaraq 30-150 manat arasında dəyişir.
Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manat ödənilməlidir.*
N.Abbasova