Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəaliyyətində bir sıra maliyyə nöqsanları və çatışmazlıqlar aşkar edib.
Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair audit həyata keçirib. Auditlə ümumilikdə 11 mln. 699,9 min manat əhatə olunub. Bu barədə Palatadan məlumat verilir.
Auditin nəticələri üzrə Akademiyanın daxilolmaları 2016-cı ildə 98,4%, 2017-ci ildə 99,6%, xərclər smetası üzrə isə kassa xərci müvafiq olaraq 99,7% və 98,8% icra edilib.
“Yoxlamalar zamanı bəzi hallarda artıq əmək haqqı, mükafat, məzuniyyət və ezamiyyə xərci ödənilib, mülki hüquqi müqavilələrə əsasən ödənilmiş vəsaitdən sosial sığorta haqqı az tutulub, tələbələrin götürdüyü kreditlərə görə alt qruplarda təkrar dinləmənin nəticələri nəzərə alınmadan təqaüd müəyyən edilib”, - Palatadan qeyd olunur.
Bundan başqa, maliyyə hesabatları tərtib edilərkən “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın bəzi tələbləri gözlənilməyərək maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib.
“Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib”, - məlumatda deyilir. **
A.Əzizov