2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan vətəndaşı İsmayıl İsmayılov ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilir.
“Avqustun 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan İ.İsmayılov “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb”, - Xidmətin məlumatında deyilir.
Qeyd olunur ki, İ.İsmayılov aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.
Xəbər verildiyi kimi, cari il iyulun 3-də axşam saatlarında Gəncədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Nəticədə, E.Vəliyev yaralanıb, hazırda müalicə alır. Eyni zamanda, sui-qəsd törədən Yunis Səfərov hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində saxlanılıb. İstintaq Y.Səfərovun hərəkətlərini məqsədyönlü və planlaşdırılmış terror aktı kimi qiymətləndirib.
İyulun 10-da axşam saatlarında Gəncə şəhərində razılaşdırılmayan aksiyanın qarşısı alınması zamanı iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasov həlak olublar.
Aksiya Y.Səfərova dəstək məqsədi daşıyıb. Aksiyanı 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup keçirməyə cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş sui-qəsd və kütləvi iğtişaşlarla əlaqədar açılan cinayət işi çərçivəsində təxminən 61 nəfər həbs olunub, daha 13 nəfər axtarışa verilib, 4 nəfər zərərsizləşdirilərək məhv edilib.**
F.İsazadə