“AGBank” nizamnamə kapitalını 5,8 mln. manat məbləğində səhmlərin əlavə emissiyası hesabına 5,6% - 109,2 mln. manatadək artırır. Bu barədə bankdan məlumat verilir.
“İyulun 26-da MBNP “AGBank”a məxsus 5,8 mln. manat məbləğində səhmlərin əlavə emissiya prospektini qeydiyyata alıb. Əlavə emissiya hər birinin nominal dəyəri 2 manat olan 2,9 mln. səhmə bölünüb”, - məlumatda deyilir.
Əlavə emissiyadan səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə abunə yazılışı formasında planlaşdırılır.
Bununla əlaqədar, səhmlərin yerləşdirilməsinə abunə yazılışı 9 avqust tarixində başlayır və 9 noyabr 2018-ci il tarixində yekunlaşır.“Abunə yazılışında rezident investorlarla yanaşı xarici investorlarda iştirak edə bilər”, - bank qeyd edir.
Hazırda bankın nizamnamə kapitalı 103,4 mln. manata bərabərdir.
2018-ci ilin birinci yarısında bank nizamnamə kapitalını 109,2 mln. manatadək artırmağı planlaşdırıb. Bunu üçün bank 7 mln. manat məbləğində səhmlərin əlavə emissiyasını elan edib, bunun yalnız 1,2 mln . manatı yerləşdirilib.
Öncə məlumat verilib ki, bank 2018-ci ilin sonuna kimi nizamnamə kapitalın 125 mln. manatadək mərhələli şəkildə artımını nəzərdə tutur.
“AGBank”1992-ci ildə təsis olunub və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. **
A.Əzizov