ABŞ-ın hüquq-mühafizə orqanları avtomobillərin alqı-satqısı zamanı iri məbləğdə dələduzluqda ittiham edilən Azərbaycan vətəndaşlarının Federal Təhqiqat Bürosu tərəfindən saxlanılması barədə Azərbaycan səfirliyinə məlumat verib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
“Azərbaycan vətəndaşları ABŞ-da saxlanılıb. Bu barədə ABŞ-ın hüquq-mühafizə orqanları Azərbaycanın Vaşinqtondakı səfirliyinə məlumat verib”, - H.Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan səfirliyinin konsulluq xidməti “saxlanılan şəxslərlə birbaşa əlaqə yaratmaq məqsədilə ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır”.
“Ümumilikdə 4 Azərbaycan vətəndaşı saxlanılıb”, - H.Hacıyev qeyd edib.
İyul ayının sonunda KİV-in məlumatına əsasən, ABŞ-da avtomobillərin alqı-satqısı zamanı iri məbləğdə dələduzluqda ittiham olunan bir neçə dövlətin vətəndaşları (25 nəfər) saxlanılıb. Cinayətkar dəstəyə Qazaxıstan, Rusiya, Gürcüstan, Azərbaycan, Latviya, Ukrayna, ABŞ və Türkiyə vətəndaşları daxildir. **
F.İsazadə