Türk Şurasına daxil olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə “Müasir İpək yolu” adlı turpaket işləyib hazırlayır. Bu barədə “Kazinform” agentliyi xəbər verir.
Birgə layihə dünyanın hər yerindən turistlərə bu ölkələrə ayrı-ayrılıqda və ya eyni zamanda bir neçəsinə səfər etməyə imkan verəcək.
Türkiyə tərəfinin hazırladığı saytda 4 ölkənin bir sıra görməli yerləri, o cümlədən Qazaxıstandakı Xoca Əhməd Yassaui məqbərəsi, Şəki şəhərindəki karvansaray, Qırğızıstandakı qədim Taş-Rabat və İstanbuldakı Qapalı çarşı haqqında məlumatlar yerləşdirilib.
Türk Şurası iştirakçıları turistlər üçün cəlbedici ola bilən marşrutların detallarını işləməlidirlər.
"Azərbaycan Türkiyə ilə birgə layihələr həyata keçirərək turistlərə sata bilər, ancaq Azərbaycan-Türkiyə-Qazaxıstan (və ya Qırğızıstan) kifayət qədər mürəkkəb proqramdır. Turist bazarında belə məhsullar satılmayacaq. Qazaxıstan-Azərbaycan əlaqəsinə gəlincə, burada Xəzərdə kruzin təşkil edilməsi üçün perspektivlər var. O zaman bu layihəyə Türkmənistanı, İranı və Rusiyanı da cəlb etmək lazımdır. Bütövlükdə, belə layihə yaxşı bazara malik ola bilər, çünki Yaxın Şərq qonşuluqda yerləşir”, – deyə “Kazakh Tourism” şirkətinin İdarə Heyətinin sədr müavini Timur Duysenqaliyev qeyd edib.
Layihə çərçivəsində birinci tur avqustun sonu – sentyabrın əvvəllərində Qazaxıstan və Qırğızıstana təşkil olunacaq.*
A.Əzizov