“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin nəticələrinə görə Rusiya, Azərbaycan və Qazaxıstan ilk üç yerdə qərarlaşıb.
“Xəzəryanı ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığlı poliqonunda “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər. Bu mərhələdə gəmilərə hərəkətdə ikən üzən mina hədəfini artilleriya atəşi ilə məhv edilməsi tapşırılıb. Atışlar artilleriya qurğularından 200 metr məsafədən yerinə yetirilib”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.
Yarışın nəticələrinə görə Rusiya komandası 40 balla birinci, Azərbaycan 38 balla ikinci, Qazaxıstan 36 balla üçüncü yerlərdə qərarlaşıblar.
“İran dənizçiləri isə 20 balla dördüncü yerə çıxıblar”, - məlumatda qeyd olunur.
Cari ilin iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır.
Müsabiqə 3 mərhələdə keçiriləcək. Birinci mərhələyə dəniz hazırlığı üzrə yarışlar, ikinci mərhələyə - gəmilər arasında yarışlar, üçüncü mərhələyə - artilleriya atışlarının icra olunması daxildir. **
F.İsazadə