Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin yanvar-iyul aylarında 2,5 mln. sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
“Hesabat dövründə AZAL-ın payına 1 mln. 70 min sərnişin, milli loukoster “Buta Airways”in (2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb) payına isə 259 min sərnişin düşüb”, - məlumatda bildirilir.
Yanvar-iyul aylarında 2 mln. 150 min sərnişin (sərnişin dövriyyəsinin 86%-i) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq reyslərin 33%-i AZAL-ın, 12%-i isə “Buta Airways”in payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan artıq aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Bağdad, Tehran, Bodrum və Tel-Əviv daxildir. Yanvar-iyul ayları ərzində bu istiqamətlərə 371 mln. sərnişin uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 2017-ci ildə aeroport 4,06 mln. sərnişinə xidmət göstərib, bunun 85%-i beynəlxalq reyslərin sərnişinlərinin payına düşüb.**
N.Abbasova