Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərmaş” avtomobil zavodundan 1 mln. 999,2 min manat dəyərində minik avtomobilləri alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
““Azərmaş” avtomobil zavodu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün avtomobil tədarükçüsü seçilib. Avtomobillər əlillər üçün nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Daha əvvəl zavodun direktoru Emin Axundova istinadən verilən məlumata görə, «Azərmaş” 2018-ci ildə 1,5 min ədəd avtomobil istehsal etməyi planlaşdırır. Bu il ayda 160 ədəd avtomobil istehsal olunacaq. Onların 60 ədədi “Xəzər” LD, 100 ədədi isə "Xəzər" markalı olacaq.
"Xəzər SD" markalı avtomobilin qiyməti 16 min manat, "Xəzər LD" markalı avtomobilin qiyməti isə 18 min manat olacaq.
Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
“Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının sonunda baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir.
I mərhələdə müəssisənin yaradılmasına $15 mln. sərmayə qoyulub.*
A.Əzizov