Prezident İlham Əliyev Tacikistanla əməkdaşlığın, o cümlədən ticari-iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şəraitin olduğunu qeyd edir.
"Hörmətli Emoməli Şərifoviç. Sizin səfərinizə çox sevinirəm. Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Biz gündəliyimizdə duran mühüm məsələləri, əlbəttə ki, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik”, - deyə o, bu gün Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonla təkbətək görüşdə bildirib.
Dövlət başçısı qeyd edib ki, iki ölkəni daha da yaxınlaşdırmaq üçün çox iş görülməlidir.
“Səfəriniz ərəfəsində nümayəndə heyətlərimiz çox fəal iş görüblər, ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləri müzakirə ediblər. Əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin var”, - deyə İ.Əliyev qeyd edib.
E.Rəhmon vurğulayıb ki, Düşənbə Bakı ilə çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. “Əminəm ki, bizim bugünkü görüş bütün əsas məsələlər üzrə qarşılıqlı münasibətlərimizə yeni impuls verəcək”, - deyə o əlavə edib.*
A.Əzizov