“Dəniz Kuboku-2018” müsabiqəsinin keçirilməsi Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının artırılmasına imkan yaradır. Bunu Azərbaycan HDQ-nin komandirinin müavini, 1-ci dərəcəli kapitan Sübhan Bəkirov deyib.
Cümə günü Bakıda Xəzər dənizində Azərbaycanın ərazi sularında keçirilən “Dəniz Kuboku-2018” müsabiqəsi başa çatıb. Müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan və İranın hərbi gəmiləri iştirak edib.
“Müsabiqə qarşıya qoyulan vəzifələrin icrası məqsədilə gəmi heyətlərinin döyüş hazırlığını artırır”, - S.Bəkirov bu gün mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, müsabiqə çərçivəsində dənizçilər yeni texnika və silahlanma ilə tanış olublar, döyüş hazırlığının planlaşdırılmasına dair təcrübə mübadiləsi aparıblar. **
F.İsazadə