Prezident İlham Əliyev Ermənistanı aparıcı beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələrini yerinə yetirməməkdə ittiham edib.
“Çünki uzun illərdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır və Ermənistan BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər bu kimi aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmir”, - deyə o, bu gün Tacikistan prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, vaxtilə onların hamısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər və bu zaman belə bir nöqteyi-nəzərdən çıxış ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
İ.Əliyev E.Rəhmona Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyinə görə də minnətdarlığını bildirib. “Bu, həm dost mövqeyidir, həm də ədalətli mövqedir”, - deyə prezident əlavə edib.*
F.İsazadə