Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti üçün geniş perspektivlər açır. Dövlət başçısının saytında dərc olunan məlumatına görə, bunu prezident İlham Əliyev deyib.
“Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”, - İ.Əliyev Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata bəyanatlarla çıxışında bildirib.
Prezident qeyd edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir.
“Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”, - o vurğulayıb.
İ.Əliyev “Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən” bu mühüm sənədin imzalanması üçün həmkarlarına fəal işlərinə görə təşəkkürünü bildirdi.
“Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”, - dövlət başçısı bəyan edib.
Onun sözlərinə görə, Bakı əməkdaşlığı davam etdirmək niyyətindədir.
“Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir”, - İ.Əliyev deyib. **