Avqustun 13-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında elektron plastik ödəniş kartları tətbiq ediləcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti məlumat verir.
“Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədi ilə bu gündən etibarən həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq ediləcək”, - məlumatda deyilir.
Yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcəkdir. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaqdır. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.
Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar.
“Elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya köşklərdən gediş sənədini (bileti) əldə etməlidirlər”, - məlumatda qeyd olunur. **
A.Əzizov