2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 20 mlrd. 82,3 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 10 mlrd. 21,1 mln. manat (2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 1,9%), qeyri-ərzaq mallarının alınmasına 10 mlrd. 61,2 mln. manat (artım 3,2%) sərf olunub.
Hesabat dövrü ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,6%-i ərzaq məhsullarının, 4,3%-i içki və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 146,1 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
N.Abbasova