Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “El həkimi” qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən “reket nəşr”in təsisçisi və baş redaktoru Zöhrab Ağayev, tabeçiliyində olan Günel Cümşüdova və digərlərini vətəndaşların şəxsi həyatının gizli videoçəkilişlərinin aparılması və şantaj edilməsi ilə əlaqədar məsuliyyətə cəlb edib.
“Zöhrab Ağayev, tabeçiliyində olan Günel Cümşüdova və digərlərinin ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürmələri müəyyən edilib”, - məlumatda deyilir.
“Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Z.Ağayev belə hədə-qorxu yolu ilə tələb olunan pulu aldıqdan sonra idarə etdiyi avtomobilində cinayət başında saxlanılıb, əvvəlcədən üzəri xüsusi qaydada işarələnən pullar, əllərində isə həmin pulların üzərinə çəkilən xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib”, - məlumatda qeyd olunur.
Cinayət məsuliyyətinə cəlb edilən şəxslər cinayət əməlləri barədə ətraflı ifadələr veriblər.
“Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilməklə Zöhrab Ağayev, Günel Cümşüdova və digərlərinin oxşar qanunsuz əməllərindən zərər çəkmiş şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır”, - məlumatda vurğulanır. **
F.İsazadə