2018-ci ilin birinci yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% - 299 mln. 143 min manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə bu nəqliyyat dəhlizi ilə yük daşımalarından Azərbaycan 92 mln. 523,9 min manat gəlir əldə edib ki, bu da 2017-cı ilin yanvar-iyun aylarının göstəricisindən 11,6% azdır», – məlumatda bildirilir.
2017-ci ilin birinci yarısında Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 65 mln. 646,7 min manat (artım 5,9%) məbləğində olub.
Xəbər verildiyi kimi, 2018-ci ilin birinci yarısında TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 25 mln. 675,5 min ton yük, o cümlədən 4 mln. 947,2 min ton və ya 19,2% tranzit yük daşınıb.
Bu dövrdə TRACECA ilə 170 mln. 310 min nəfər sərnişin daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova