Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Azərbaycanın iqtisadi maraqlarına tam cavab verir. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Bu sənəd ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir. Konvensiya bu tip fəaliyyətlərin həyata keçirilməsini nəinki məhdudlaşdırmır, hətta onların daha da genişləndirilməsinə münbit zəmin yaradır”, - X.Xələfov “AzərTAc” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün Xəzər dənizində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi hər zaman böyük əhəmiyyət kəsb edib.
X.Xələfov qeyd edib ki, Konvensiyaölkəmiz üçün yeni perspektivlər yaradacaq, çünki sahilyanı dövlətlərin dənizin dibi ilə kabel və boru kəmərlərini çəkmək hüququnu tanıyır. Bu zaman belə boru kəmərlərinin keçəcəyi yollar yalnız onun keçəcəyi sektorun məxsus olduğu sahilyanı dövlətlə razılaşdırılır. Eyni zamanda, belə layihələr sahilyanı dövlətlərin tərəfi olduğu ekologiya sahəsində beynəlxalq sənədlərə uyğun olmalıdır
“Konvensiyanın bununla bağlı müddəaları Xəzər dənizi regionunda Azərbaycanın da iştirak etdiyi mövcud layihələrin inkişafı və genişləndirilməsində böyük rol oynayacaq və ölkəmiz üçün yeni perspektivlər yaradacaq”, - o vurğulayıb. **
N.Abbasova