1 iyul 2018-ci il tarixinə Azərbaycanda pensiyaların orta aylıq məbləği 219,02 manata (cari məzənnə ilə $128,9) bərabərdir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% - 219,2 manatadək artıb”, - məlumatda bildirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 mlrd. 792,8 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7% çoxdur. Vəsaitin 97,9%-ni pensiya xərcləri təşkil edib.
2018-ci il iyulun 1-i vəziyyətinə 1 mln. 311,7 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,4%-ni təşkil edir. Onların 58,6%-i yaşa, 29,9%-i əlilliyə, 11,5%-i ailə başçısını itirməyə görə pensiya alır.
2018-ci ilin birinci yarısı ərzində əhaliyə 38,4 mln. manat məbləğində müavinət ödənilmişdir ki, bunun da 29,2%-i hamiləliyə və doğuma görə, 32,4%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,6%-i dəfn üçün, 20,8%-i isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.
2018-ci il iyulun 1-i vəziyyətinə 409,3 min nəfərə sosial müavinətlər təyin olunub. **
N.Abbasova