2018-ci ilin noyabr ayında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli icrası məqsədilə Xarici İşlər nazirliklərinin himayəsi altında yüksək səviyyəli İşçi Qrupunun ilk iclası keçiriləcək. Bu barədə çərşənbə günü Qazaxıstan XİN-dən məlumat verilir.
“Sammit ərəfəsində (Aktauda - İF) xarici işlər nazirləri Xəzər dənizinin məsələləri üzrə yüksək səviyyəsli İşçi Qrupunun yaradılmasına dair razılığa gəliblər. Cari ilin noyabr ayında Azərbaycanda ilk iclasın keçirilməsi planlaşdırılır”, - XİN-in məlumatında deyilir.
“İlk növbədə İşçi Qrupu Xəzərdə düz çıxış xətlərinin müəyyən metodikasına dair çox vacib beştərəfli saziş hazırlayacaq”, - məlumatda qeyd olunur.
Dünən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İşçi Qrupunun ilk iclasının payız aylarında Bakıda keçirləcəyini jurnalistlərə təsdiq edib.
“Müvafiq İşçi Qrupunun ilk iclasının cari ilin payız aylarında Azərbaycanda keçirilməsinə dair razılıq əldə olunub. Hazırda bu qrupun qarşısında qoyulan əsas vəzifə düz çıxış xətlərinin müəyyən metodikasına dair sazişin işlənib hazırlanmasından ibarətdir”, - X.Xələfov “AzərTAc” agentliyinə müsahibəsində bildirib. **