Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsi ilə məşğul olan Azərbaycan və İran vətəndaşlarından ibarət cinayətkar qrup zərərsizləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DSX-dən məlumat verilir.
Məlumata əsasən, Füzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində Həsən Qasımzadə və Həmid Qasımzadə saxlanılıblar.
“Onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazidə gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram metafitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunub”, - məlumatda deyilir.
Hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Həbibullayeva Günay və Mirnağıyev Mirtağı, həmçinin İran vərəndaşı Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar. Həmin şəxslər “Hunday Elantra” markalı 99 MV 667 dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələri qəbul etmək üçün əraziyə gəliblər.
“Avtomobilə və həmin şəxslərin əşyalarına keçirilmiş baxış zamanı G.həbibullayevanın əl çantasından $6,435 min, 16,4 min manat və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq DSX-nin ƏABİ-nin və DİN-in BNMİ-nin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində İİR vətəndaşı İ.Niarinin Bakı şəhərində yaşadığı evinə keçirilmiş baxış zamanı 100 qram heroin narkotik vasitəsi aşkar edilib”, - DSX-dən bildirilib.
Mütəşəkkil cinayətkar qrupun daha bir üzvü, narkotik vasitələrin satışının təşkilatçısı Ağcəbədi rayon sakini Əliyev Hümmət saxlanılıb.
“Onun mənzilindən 1 ədəd gözyaşardıcı qaz balonu, 5 ədəd metadon və 3 ədəd “Lirika” psixotrop həbləri, 213 qram heroin və 1 qram tiryək aşkar olunaraq götürülüb”, - məlumatda vurğulanır.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanılıb. **
F.İsazadə