Baş Prokurorluq fiziki və hüquqi şəxslərə məxsus qum-çınqıl karxanalarının fəaliyyətində qanun pozuntuları ilə bağlı cinayət işini məhkəməyə göndərib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yerin təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilib”, - məlumatda deyilir.
Nəticədə, “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, fiziki şəxslər Natiq Zakirov və Nazim Qasımov, “Azpod” MMC-nin qum-çınqıl istismarı sahəsinin rəisi Nəcməddin Əliyevə məhkəmənin qərarları ilə həbs, “Azəraqrartikinti” ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işlərinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
Toplanan materiallar əsasında Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə cinayət işi başlanılıb.
Məlumata əsasən, qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində təbiətə və dövlətə 5,5 mln. manat məbləğində maddi ziyan vurulması, habelə 44 min manat məbləğində vergidən yayınma halları müəyyən edilib.
“İstintaq zamanı dəymiş ziyanın bir qisminin ödətdirilməsi təmin edilib. Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə fiziki və hüquqi şəxslərə məxsus əmlak üzərinə həbs qoyulmaqla cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib”, - məlumatda qeyd olunur. **
F.İsazadə