Azərbaycanda aqroparkların yaradılmasına dövlət investisiyaları və kreditlərin həcmi 329,2 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Ölkənin bölgələrində aqroparkların yaradılmasında su təchizatı, irriqasiya, kommunal infrastrukturun yaradılmasına dövlət investisiyaları 218 mln. manat təşkil edib. Bundan əlavə, 17 aqroparkın yaradılmasına 111,2 mln. manat məbləğində güzəştli kreditlər ayrılıb”, - nazirlikdən qeyd ediblər.
Həmçinin, aqroparkların fəaliyyətinin təminatı məqsədilə sahibkarlara 25 layihə üçün 563,5 mln. manat məbləğində investisiya təşviqi sənədi verilib.
“Hazırda ümumilikdə 30 rayonda 45 aqroparkın yaradılması üzrə iş həyata keçirilir. Həmin aqroparkların ümumi sahəsi 192,2 min hektar təşkil edir. Onların yaradılmasına ümumi investisiyalar 1,4 mlrd. manat həcmində qiymətləndirilir”, - nazirlikdən qeyd ediblər.
4 aqroparkın yaradılması üzrə ilk mərhələ artıq başa çatıb. 2018-ci ilin sonuna kimi Azərbaycanda 14 aqropark fəaliyyətə başlayacaq. **
A.Əzizov