2018-ci ilin I yarısında qeydə alınmış cinayət hadisələrinin 1,813 mini narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin yanvar-iyun aylarındaqeydə alınmış 12,844 min cinayət hadisəsinin 1,813 mini və ya 14,1%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub”, - deyə komitədən Daxili İşlər Nazirliyinin məlumatına istinadən bildiriblər.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 1,227 min nəfərin 87,2%-ni heç yerdə işləməyən və oxumayanlar, 38,4%-ni əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təşkil edib.
“Cinayət törədənlərin 0,3%-i yetkinlik yaşına çatmayanlar, 7,3%-i 18-24 yaşlı, 13,3%-i 25-29 yaşlı gənclər, 79,1%-i isə 30 və yuxarı yaşlı şəxslər olub”, – deyə məlumatda qeyd olunur.
2018-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 1,441 ton narkotik maddələrin 674,5 kiloqramını heroin, 508,8 kiloqramını marixuana, 198,9 kiloqramını tiryək, 44,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 15,3 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.*
B.Rüstəmbəyov