2018-ci ilin dekabr ayında Bakıda ilk “DOST” mərkəzinin açılışı planlaşdırılır. Bunu əmək və əhalinin sossial müdafiəsi naziri Sahil Babayev deyib.
“Dekabrın sonunda Bakıda ilk “DOST” mərkəzinin açılışı planlaşdırılır. Mərkəzlərdə məşğulluq, əmək və əhalinin sosial müdafiəsi sahələrində 126 növ xidmət göstəriləcək”, - S.Babayev bu gün “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, mərkəzlər Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində yaradılacaq və müstəqil fəaliyyət göstərəcək. Agentlik isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq.
Nazir vurğulayıb ki, hazırda 6 işçi qrup bu cür mərkəzlərin yaradılması üzərində çalışır. Bundan başqa, “DOST” Agentlyinin yaradılmasına dair zəruri sənədlər hazılanır.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev avqustun 9-da əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlərə dövlət büdcəsindən 2 mln. manatın ayrılmasını tapşırıb.
Sərəncama əsasən, bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə yönəldiləcək.
Qeyd olunan vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. **
F.İsazadə