İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2018-ci ilin yanvar-iyul aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı yığımını ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,01% - 55 mln. 457,6 min manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
"Hesabat dövründə sığortaçıların sığorta haqlarının 12%-i və 2018-ci ilin yanvar-iyul aylarında icbari sığorta növləri üzrə sığorta haqlarının 44,2%-i AVSMMİS-in payına düşüb", - deyə məlumatda bildirilir.
7 ay ərzində sığortaçılar tərəfindən AVSMMİS üzrə 29 mln. 207,1 min manat (artım 23,3%) və ya hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 20%-i həcmində ödəniş həyata keçirilib. Bütövlükdə, yanvar-iyul aylarında icbari sığorta növləri üzrə ödənişlərin 76,1%-i AVSMMİS üzrə ödənişlərin payına düşüb.
AVSMMİS Azərbaycanda sığorta haqqının toplandığı əsas sığorta növlərinin üçlüyünə daxildir.
2018-ci ilin yanvar-iyul aylarında sığortaçılar AVSMMİS ilə müqayisədə tibbi sığorta və həyatın yığım sığortası üzrə daha çox sığorta haqqı toplayıblar.
2017-ci ildə Azərbaycanda sığortaçıların AVSMMİS üzrə sığorta haqlarının həcmi 14,5% - 92,6 mln. manatadək artıb.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan etibarən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.*
A.Əzizov