Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib ki, avqustun 30-da Bakıya rəsmi səfər edəcək. Səfər çərçivəsində ölkənin tranzit potensialından tam şəkildə istifadə etməyə imkan verəcək mühüm regional layihələrin nəzərdən keçirilməsi planlaşdırılır.
"Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz birlikdə tarixi əhəmiyyət kəsb edən layihələr həyata keçiririk", - deyə o, bu gün keçirdiyi brifinqdə qeyd edib.
M.Baxtadzenin sözlərinə görə, o, Bakıda Azərbaycan prezidenti, baş nazir və parlament sədri ilə görüşəcək.
"Biz regional əməkdaşlıq baxımından çox mühüm yeni istiqamətləri, eləcə də ticarət əlaqələrimizi daha da dərinləşdirməyə və inkişaf etdirməyə kömək edəcək və bunun nəticə etibarilə Gürcüstanın iqtisadi inkişafına və regional mərkəzə çevrilməsi məqsədinə müsbət təsir göstərəcək təşəbbüsləri müzakirə edəcəyik”, - deyə baş nazir vurğulayıb.*