Prezident İlham Əliyev əmindir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Bakıya səfəri parlamentlərarası əlaqələrin inkişafına kömək edəcək.
Dövlət başçısı bu gün B.Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən prezident İ.Əliyev ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib”, - deyə dövlət başçısının saytında məlumat verilir.
O əlavə edib ki, Azərbaycan və Türkiyə bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər.
İ.Əliyev vurğulayıb ki, B.Yıldırımın Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsində çalışdığı dövrdə də parlamentlərarası əlaqələrimiz uğurla inkişaf edəcək.
B.Yıldırım ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.*
F.İsazadə