Azərbaycanda İcbari Tibbi Sığorta (İTS) üzrə sığorta haqqının məbləği illik adambaşı 120 manat təşkil edəcək. Bunu Nazirlər Kabineti yanındaİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoruZaur Əliyev deyib.
“Pilot layihələrin nəticələrinə əsaslanaraq və Azərbaycanda cari iqtisadi vəziyyəti nəzərə alaraq, İTS üzrə sığorta haqqının məbləğini müəyyən etdik, 120 manata yaxın təşkil edəcək. Yəni, hər bir vətəndaş ayda 10 manat ödəməklə İTS xidmətindən istifadə edə bilər. Eyni zamanda, həm çalışan vətəndaşlar, həm də sərbəst məşğul olan əhali üçün sığorta haqqının qismən ödənilməsi mümkün olacaq. Əhalinin bəzi kateqoriyaları üçün sığorta haqqı dövlət tərəfindən ödəniləcək”, - Z.Əliyev bu gün “Caspian Energy Club”un iclası ərəfəsində jurnalistlərə bildirib.
O qeyd edib ki, 2019-cu ildən etibarən Azərbaycan İTS-nin tətbiqinə başlanılacaq və 5 il ərzində mərhələli şəkildə həyata keçiriləcək.
Eyni zamanda, Z.Əliyev əlavə edib ki, Dövlət Agentliyi tərəfindən “İcbari tibbi səğorta haqqında” qanun layihəsi hazırlanıb və 2018-ci il ərzində Milli Məclisdə qəbulu gözlənilir.
“O cümlədən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2019-cu il büdcə layihəsi hazırlanır. Həmin layihədə ölkənin icbari tibbi sığortaya keçidinə dair xərclər nəzərdə tutulacaq. Bu sənəd də parlament tərəfindən təsdiq ediləcək”, - o vurğulayıb.
“Bütün hesablamalar artıq başa çatıb. Bu il ərzində Maliyyə Nazirliyində çoxsaylı görüşlər keçirdik və ölkənin İTS sisteminə keçidi üçün tələb olunan maliyyə modeli və xərclərin həcmini müəyyən etdik”, - Z.Əliyev bəyan edib.
O əlavə edib ki, tibbi ekspertizanın keçirilməsi qaydaları, İTS üzrə baza paketlərinə dəyişikliklərin daxil edilməsi metodologiyası da daxil olmaqla, normativ-hüquqi baza üçün bir sıra digər sənədlər hazırlanıb.
“Həmçinin Səhiyyə Nazirliyi ilə birlikdə təcili və təxirəsalınmaz tibbi yardım və ilkin sağlamlıq üzrə strategiyalar hazırlanıb. Həmin strategiyaların yaxn zamanda nazirlik tərəfindən təsdiqini gözləyirik”, - Z.Əliyev qeyd edib.
Onun sözlərinə görə, o cümklədən İTS-in baza paketinə daxil edilən xəstəliklərin siyahısında dəyişikliklər yer alacaq. “Həmin siyahıya pilot layihələrin icrası zamanı ən çox müraciətlərin daxil olduğu yeni növ xəstəliklər daxil ediləcək. Eyni zamanda, ən az sayda müraciət olunan xəstəliklər siyahıdan çıxarılacaq”, - Z.Əliyev vurğulayıb. **
N.Abbasova