Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsi istiqamətində texniki hazırlıq işləri başa çatıb və proses sentyabrın 1-dən başlayacaq. Bu barədə daxili işlər naziri Ramil Usubov məlumat verib.
Daxili İşlər Nazirliyində yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı birgə müşavirə keçirilib. Müşavirədə daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər.
Ramil Usubov bildirib ki, yeni sənədin verilməsi istiqamətində hazırlıq və texniki işlər “İdrak Texnoji Transfer” şirkəti tərəfindən həyata keçirilib.
Qeyd olunub ki, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə respublikanın Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Dövlət Əmlak Məsələləri Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub.
Daha əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu il yanvarın 1-dən etibarən verilməsi nəzərdə tutulurdu.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dekabrın 5-də Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2017”) sərgi-konfransı çərçivəsində yeni nəsil şəxsiyyət vəsiqəsini ictimaiyyətə təqdim edib. Yeni nəsil şəxsiyyət vəsiqələrinin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, vəsiqəyə yerləşdirilən çipə elektron imza daxil olacaq. Bu, vətəndaşlara “Elektron hökumət” portalından sərbəst istifadə etmək imkanı verəcək.*
B.Rüstəmbəyov