Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nı təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Müvafiq fərman avqustun 29-da imzalanıb.
Qaydaya əsasən, fondun vəsaiti qrant müsabiqələri əsasında gənclər siyasəti sahəsində proqram və layihələrin, sosial müdafiəyə xüsusi ehtiyacı olan gənclərin təhsil aldıqları müddətdə təhsil xərclərinin, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının, əmək bazarına daxil olmaqda çətinlik çəkən gənclərin əməkhaqlarının 12 aydan çox olmayan müddətdə qismən maliyyələşdirilməsinə və innovativ (startap) layihələrin maliyyələşdirilməsi üçün güzəştli kreditlərin ayrılmasına, habelə Fondun Nizamnaməsində nəzərdə tutulmuş digər istiqamətlərə yönəldilir.
Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilir: 1000 manatdan 10000 manatadək - kiçikhəcmli kreditlər; 10001 manatdan 25000 manatadək - ortahəcmli kreditlər; 25001 manatdan 50000 manatadək - böyükhəcmli kreditlər.
Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir: kiçikhəcmli kreditlər üçün - 1 ilədək; ortahəcmli kreditlər üçün - 3 ilədək; böyükhəcmli kreditlər üçün - 5 ilədək.
Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir.
Müvəkkil kredit təşkilatının fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.
Ayırdığı vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə fond maliyyələşdirdiyi bütün layihələr üzrə müstəqil monitorinqlər aparmaq hüququna malikdir.
Fondun apardığı monitorinq zamanı ayrılmış vəsaitdən təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, fondun yazılı tələbinə əsasən fonddan vəsait almış gənclər və müvəkkil kredit təşkilatları ayrılmış vəsaiti 10 bank günü ərzində bütövlükdə fondun hesabına köçürməlidirlər.*
N.Abbasova