Prezident İlham Əliyev bildirib ki, Bakı və Tbilisi dünyanın enerji xəritəsini birgə layihələr və səylərlə dəyişdirib.
“Əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bu gün iki müstəqil dövlət arasındakı əlaqələr möhkəm təməl üzərində qurulub. Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra edib. Biz dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik”, - deyə o, bu gün Bakıda Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşdə qeyd edib.
Prezident İ.Əliyev nəqliyyat istiqamətində birgə həyata keçirilən layihələrin Avrasiya qitəsi üçün böyük önəm daşıdığını qeyd edib.
“Bütün bu layihələrin icrasında həm Gürcüstan, həm Azərbaycan, həm Türkiyə tərəfi fəal əməkdaşlıq edir. Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik. Mən bilirəm ki, Gürcüstanda çox gözəl investisiya iqlimi mövcuddur. Biz çox şadıq ki, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Biz bu gün bir çox məsələləri müzakirə edəcəyik, o cümlədən regional əməkdaşlıq məsələlərini”, - deyə dövlət başçısı vurğulayıb.*
B.Rüstəmbəyov