Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev sentyabrın 1-də baş tutacaq görüşdə Transxəzər qaz kəməri, Dağlıq Qarabağ və silah tədarükü ilə bağlı məsələləri müzakirə edə bilərlər. Rusiyalı politoloqlar belə hesab edirlər.
"Enerji mövzusuna gəlincə, düşünürəm ki, bu məsələ, xüsusilə Transxəzər qaz kəmərinin perspektivləri və Azərbaycanın mövqeyi, əlbəttə, gündəlikdə olacaq", - deyə Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbəri Konstantin Simonov "İnterfaks"ın mərkəzi ofisində keçirilən mətbuat konfransında bildirib.
"Müzakirələr əsasən xarici siyasətlə bağlı olacaq. Bu, Suriya, Türkiyə və Merkelin səfəri kontekstində Dağlıq Qarabağa dair mövzulardır", - deyə K.Simonov qeyd edib.
Öz növbəsində, politoloq Oleq Kuznetsov iki ölkə arasında hərbi-texniki əməkdaşlığın əhəmiyyətini qeyd edib.
"Azərbaycanın KTMT ilə bağlı statusunun dəyişdirilməsi məsələsini qaldırmaq üçün bütün əsaslar var", - deyə O.Kuznetsov hesab edir. Onun sözlərinə görə, görüşdə, həmçinin Azərbaycanın Rusiyadan silah idxal etməsi və Ermənistandakı vəziyyət müzakirə oluna bilər.
Politoloq əlavə edib ki, görüşün Moskvada deyil, Soçidə keçirilməsi faktı bir tərəfdən görüşün protokol nöqteyi-nəzərindən statusunu azaldır, digər tərəfdən isə bu, dövlətlərarası münasibətlər xaricində müzakirə edilə bilən məsələlərin spektrini genişləndirir.
İ.Əliyev və V.Putinin görüşü sentyabrın 1-də Soçidə keçiriləcək.*