Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ukraynadan Azərbaycana 34 tona yaxın at ətinin gətirilməsinin qarşısını alıb.
“Gürcüstanın “G&A Group” şirkəti “Tursan-İ” MMC-nin sifarişi əsasında Ukraynadan beynəlxalq baytarlıq sertifikatı ilə Azərbaycana ixrac edilən 33991,15 kq dondurulmuş mal əti alıb”, - deyə agentliyin məlumatında bildirilir.
Təhlükəsizlik göstəricilərinin yoxlanılması və ətin mənşəyinin təyin edilməsi məqsədilə mal əti adı ilə ölkəyə idxal olunan məhsuldan əvvəlcə qanunvericiliyin tələblərinə uyğun olaraq nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
“Aparılan sınaq yoxlamanın nəticələrinə əsasən, təqdim edilmiş ət nümunələrinin at əti olduğu aşkar edilib. Bununla əlaqədar olaraq, agentlik tərəfindən həmin məhsulun ölkəyə idxalı dərhal dayandırılıb”, – deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov