2018-ci il iyulun 31-nə olan vəziyyətə görə, yanvar-iyul aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatların (BOKT) kredit portfeli 3,5% - 12 mlrd. 170,7 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustun əvvəlinə vaxtı ötmüş kreditlərin həcmi 1 mlrd. 782,1 mln. manat (yanvar-iyul ayları ərzində artım 9,5%) və ya bütün kreditlərin 14,6%-ni təşkil edir.
İyulun 31-nə dövlət payına malik olan banklar tərəfindən 1 mlrd. 820,4 mln. manat (azalma 5%) və ya bütün kreditlərin 15%-i, özəl banklar tərəfindən 9 mlrd. 949,2 mln. manat (artım 5,6%) və ya bütün kreditlərin 81,7%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Avqustun əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 7 mlrd. 501,2 mln. manat (artım 7,9%) milli valyuta, 4 mlrd. 669,5 mln. manat (azalma 2,8%) xarici valyuta ilə verilib. İyul ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 38,4% (2017-ci ilin sonuna 40,8%) təşkil edir.
2018-ci il iyulun 31-nə bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 29,4 mln. manat (bütün kreditlərin 16,7%-i) ticarət və xidmət sahələrinin, 292,9 mln. manat (2,4%) energetika, kimya və təbii sərvətlər sektorunun, 463,4 mln. manat (3,8%) kənd təsərrüfatı və emal sahələrinin, 512 mln. manat (4,2%) tikinti və daşınmaz əmlak sahələrinin, 670,2 mln. manat (5,5%) sənaye və istehsal sektorunun, 1 mlrd. 176,2 mln. manat (9,7%) nəqliyyat və rabitə sahələrinin, 4 mlrd. 874,5 mln. manat (40,1%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-iyul aylarında bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 5,8% artıb.*
A.Əzizov