Gürcüstan vətəndaşı Ajevanidze Levan “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında yol qəzası törədib, nəticədə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Ələnnur Süleymanov həlak olub. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
“Sentyabr ayının 3-də saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublikasının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü 1993-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi buraxılış məntəqəsinin darvazısını sındırıb və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdlü çavuş Ələnnur Süleymanovu vurub. Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat edib, hadisə zamanı 1 ədəd minik avtomobili əzilib və 2 nəfər mülki şəxsə yüngül xəsarət yetirilib”, - deyə məlumatda bildirilir.
Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılıb və Qazax rayon polis şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.*
A.Əzizov