“SOCAR Georgia Gas” (SGG, “SOCAR Energy Georgia” şirkətinin törəməsi) 2018-ci ildə Gürcüstana 1,8 mlrd. kubmetr qaz tədarük etməyi planlaşdırır ki, bu da 2017-ci ilin göstəricisindən 28,6% çoxdur. Bu barədə SOCAR-ın 2017-ci il üzrə hesabatında deyilir.
«2017-ci ildə “SOCAR Georgia Gas” Gürcüstana 1,4 mlrd. kubmetr qaz tədarük edib. Proqnozlara görə, bu il tədarükün həcmi 1,8 mlrd. kubmetr təşkil edəcək», - deyə sənəddə bildirilir.
SGG-nin əsas fəaliyyəti Gürcüstanın qazlaşdırılması proqramının həyata keçirilməsindən ibarətdir. 2008-2017-ci illərdə SGG 250 mindən çox abonenti qazla təchiz edib. Bunun üçün investisiya qoyuluşları təxminən $290 mln. məbləğində olub.
«2017-ci ildə şirkətin kapital qoyuluşları $40,3 mln. təşkil edib. SGG fəaliyyətə başladığı dövrdən etibarən Gürcüstanın qazpaylama şəbəkəsində qaz itkisinin 31,5%-dən 3,6%-dək azalmasına nail olub. Hazırda şirkət Gürcüstanda 590 mindən çox qaz abonentinə xidmət göstərir», - deyə hesabatda qeyd olunur.
“SOCAR Georgia Gas Ltd” 2007-ci ildə təbii qaz bazarının (topdan və pərakəndə) inkişaf etdirilməsi məqsədilə yaradılıb.*
N.Abbasova