Dövlət Sərhəd Xidməti tərəfindən 3 nəfər narkotik alverçisi saxlanılıb.
“Sentyabr ayının 3-də saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Astara rayonu Kələdəhnə kəndi yaxınlığındakı sahil nəzarəti bölməsinin xidməti ərazisində “Niva” markalı avtomobilin sahilboyu əraziyə yaxınlaşması sərhəd naryadı tərəfindən müşahidə olunub. Avtomobildə olan 3 nəfər naməlum şəxsin yaxınlıqdakı kolluğa yaxınlaşmaları, onlardan birinin kolluqda nəyisə axtarması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub”, - DSX-nin məlumatında deyilir.
Qeyd edilən şəxslərin yaxalanması barədə qərar verilib.
Kolluqdan götürülmüş kisəyə baxış zamanı ümumi çəkisi 2 kq 650 qram olan narkotik vasitə (1 kq tiryək, 1 kq həşiş, 650 qram heroin), 285 ədəd metadon həbi aşkar olunub.
“Saxlanılmış vətəndaşların şəxsiyyəti müəyyən edilmiş, onların Lənkəran rayon sakini 1984-cü il təvəllüdlü Əliyev Xaliq Bayram oğlu, Lerik rayon sakinləri 1979-cu il təvəllüdlü Bayramov Fuad Həsənağa oğlu və 1982-ci il təvəllüdlü Xosurov Rüfət Rizvan oğlu olmaları məlum olub. Fakt üzrə cinayət işi başlanılıb”, - DSX-dan bildirilir. **
B.Rüstəmbəyov