Bakı və Tokio qarşılıqlı investisyalara dair sənədin imzalanmasına hazırlıq işləri çərçivəsində ekspertlər səviyyəsində İşçi qrupunun yaradılmasına dair razılığa gəlib. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiya XİN-in mətbuat xidmətinin müavini Mitsuko Şino deyib.
“Taro Kononun (Yaponiya XİN başçısı - İF) Azərbaycan rəhbərliyi ilə görüşü çərçivəsində qarşılıqlı investisyalara dair sənədin imzalanması haqqında razılıq əldə olunub. Bununla əlaqədar, ekspertlər səviyyəsində İşçi qrupu yaradılacaq”, - M.Şino bildirib.
Onun fikrincə, sənəd Yaponiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün şəraitin yaradılmasına imkanlar açır. “Azərbaycan unikal coğrafi mövqeyə malikdir. Bunun sayəsində Avropa, Asiya və Yaxın Şərqə çıxışı var. Yaponiya bütövlükdə regionun, o cümlədən Azərbaycanın inkişafına yardım edə bilər”, - o qeyd edib.
M.Şino vurğulayıb ki, Cənubi Qafqaz regionunda sabitlik dünyada sülhün bərqərar olmasına xidmət edir. Onun sözlərinə görə, Yaponiya XİN başçısının təklif etdiyi “Qafqaz təşəbbüsü”nə insan resurslarının inkişafına dəstək, Cənubi Qafqaz regionunun cazibədarlığının artırılması daxildir.
O həmçinin qeyd edib ki, Yaponiya mədəniyyət sahəsində Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir. M.Şinonun sözlərinə görə, sentyabrda Muğam Mərkəzində Yaponiya milli musiqisi konserti keçiriləcək. **
F.İsazadə