Azərbaycanda əhalinin 70%-i rus dilini bilir. Bunu Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova deyib.
T.Moskalkova sentyabrın 5-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.
Rusiya ombudsmanının mətbuat xidmətindən verilən məlumata görə, həmsöhbətlər xarici ölkələrdəki Rusiya vətəndaşlarının hüquqlarının müdafiəsi və bir çox digər məsələləri müzakirə ediblər. Ombudsman Rusiya və Azərbaycan arasında diplomatik münasibətləri və həmvətənlərə göstərilən münasibəti xüsusi qeyd edib.
"Azərbaycanda bütün arzu edənlərin uşaqların tərbiyəsi, təhsili və yaradıcılığında rus dilindən istifadə edə bilməsi üçün möhkəm hüquqi, maddi və təşkilati zəmin yaradılıb. Müxtəlif qiymətləndirmələrə görə, Azərbaycanda əhalinin 70%-i ayrı-ayrı səviyyələrdə rus dilini bilir", - deyə o bildirib.
T.Moskalkova əlavə edib ki, ona müraciət etmiş Azərbaycan vətəndaşına yaxın vaxtlarda kömək göstəriləcək. Bu məqsədlə Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri ilə birlkdə milli pasportun verilməsi mərasimində iştirak etmək üçün İş Aparatının əməkdaşlarının Ulyanovsk vilayətinə səfəri təşkil ediləcək.*
F.İsazadə