2003-2017-ci illərdə Azərbaycanın birbaşa xarici investisiyaları $19 mlrd.-ı ötüb. Bunu baş nazirin birinci müavini Yaqub Eyyubov deyib.
"2003-2017-ci illərdə Azərbaycan iqtisadiyyatına $236 mlrd. məbləğində investisiya qoyulub. Bunun $118 mlrd.-nı xarici investisiyalar təşkil edir. Azərbaycan regionda əhalinin hər nəfərinə düşən investisiyaların həcminə görə regionda birinci yerdədir. Bu dövrdə ölkəmiz investora çevrilib. 2003-2017-ci illərdə Azərbaycanın birbaşa xarici investisiyaları $19 mlrd.-ı ötüb", - deyə o, bu gün Bakıda "Azərbaycan Rəqabətlilik Forumu 2018”də bildirib.
Y.Eyyubovun sözlərinə görə, Azərbaycan Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsinin formalaşdırılmasında fəal iştirak edib.
"Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanı nəqliyyat və logistika mərkəzinə çevirib. Şaxələndirilmiş infrastruktur bizə ixracyönümlü və rəqabətə davamlı iqtisadiyyatı inkişaf etdirməyə kömək edir", - deyə baş nazirin I müavini qeyd edib.
O vurğulayıb ki, Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılması planlaşdırılır. Bu zona Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiyanın cənubu və Türkiyədə yaşayan 130 mln. istehlakçıdan ibarət bazara xidmət göstərməyə imkan verəcək.
Y.Eyyubov əlavə edib ki, son 15 ildə Azərbaycanda ÜDM 3,6 dəfə artıb. Özəl sektorun xüsusi çəkisi, ÜDM 83,8%-ə çatıb. Bu illər ərzində qeyri-neft sektorunun orta illik artımı 8,1% təşkil edib.
"2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni səviyyəyə qədəm qoyub. Yeni rasional makroiqtisadi siyasət və aparılmış islahatlar nəticəsində iqtisadi resessiyanı qısa müddətdə aradan qaldırmaq mümkün olub", - deyə o vurğulayıb.*
F.İsazadə