Maliyyə naziri Samir Şərifov bildirib ki, bir sıra şirkətlər “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin kapitalındakı dövlət payını əldə etməyə maraq göstərir.
"ABB-nin kapitalındakı dövlət payının özəlləşdirilməsi ilə maraqlanan şirkətlər var”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, dövlət payının maliyyələşdirilməsi üçün məsləhətçi cəlb edilməli, bankın strategiyası hazırlanmalıdır.
S.Şərifov qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ABB-nin özəlləşdirilməsinə maraq göstərməkdə davam edir. "Lakin AYİB nümayəndələri ABB-nin yeni biznes modelinin hazırlanmasını birinci növbəli vəzifə hesab edirlər", - deyə o əlavə edib.
Qeyd edək ki, AYİB ABB-nin özəlləşdirilməsini Azərbaycan hökumətinin 2018-ci il üçün prioritetlərindən biri olduğunu hesab edir. AYİB prezidenti Suma Çakrabarti bankın ABB-də pay almaqda maraqlı olduğunu deyib.
Azərbaycan hökuməti ABB-ni bu ilin sonunadək özəlləşdirməyi planlaşdırır.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında dövlətin payı 96,5% təşkil edir.*