1 yanvar 2018-ci il tarixinə “Coca-Cola” şirkətinin Azərbaycana investisiya yatırımları 275 mln. manat məbləğində qiymətləndirilir. Bu barədə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel bu gün mətbuat konfransında məlumat verib.
"2017-ci ilin sonuna olan vəziyyətə görə, şirkət fəaliyyətə başladığı dövrdən bu günədək 253 mln. manat məbləğində vergi ödəyib. “Coca-Cola” öz istehsalı hesabına və bilavasitə ölkə üzrə geniş təchizatçı və istehlakçı şəbəkəsini dəstəkləyərək Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər yaradır", - deyə o bildirib.
Baş direktor qeyd edib ki, Azərbaycanın sosial-iqtisadi inkişafına “Coca-Cola” sisteminin verdiyi töhfəni qiymətləndirən tədqiqat ilk dəfə 2014-cü ildə aparılıb. 2018-ci ildə isə bu tədqiqat "JR Consulting” müstəqil analitik şirkəti tərəfindən aparılıb.
Araşdırmanın nəticələrinə əsasən, “Coca-Cola Azerbaijan”nın 2014-cü ildə ölkə iqtisadiyyatına yatırdığı vəsaitin həcmi 103,2 mln. manat təşkil edib. Bu məbləğin 43,7 mln. manatı birbaşa “Coca-Cola Azerbaijan”nın fəaliyyəti nəticəsində əldə olunmuş ÜDM-nin payına düşür. Bu, ÜDM-nin 0,18%-ni və qeyri-neft ÜDM-nin 0,31%-ni təşkil edir.
Sənəddə qeyd olunur ki, “Coca-Cola” məhsullarına tələbin 1 mln. manat həcmində artması ölkə iqtisadiyyatında istehsalın həcminin 2 mln. 136 min manat məbləğində ümumi artımına kömək edir. Bu artım daha çox emal sənayesi məhsullarının istehsal həcminin (674 min manat) artmasında müşahidə olunur.
Bundan başqa, şirkətin məhsullarına tələbin 1 mln. manat məbləğində artması əsasən emal sənayesi və aqrar sektorda 63 yeni iş yerinin yaradılmasına gətirib çıxarır.
“Azərbaycanda məşğulluq sahəsində multiplikativ effektə gəlincə, “Coca-Cola” sistemində 1 iş yerinin açılması başqa sahələrdə 15 yeni iş yerinin yaradılmasına səbəb olur",- deyə sənəddə vurğulanır.
“Coca-Cola” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.*
N.Abbasova