Yanvar-iyul aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 43 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu barədə SOCAR-dan məlumat verilib.
“İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən hesabat dövründə 2 min 141,1 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 160,8 kilometr qaz kəməri əsaslı təmir edilib. Yanvar-avqust aylarında aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Şəmkir, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 43 yaşayış məntəqəsi təbii qazla təmin olunub”, – məlumatda bildirilir.
Qazlaşdırma işləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.
2017-ci ildə “Azəriqaz” 56 yaşayış məntəqəsinə təbii qaz verib.**
N.Abbasova